“Min Bir Gecə”nin gecə macəraları və ya “Şəhrəzad”ın səsli-küylü gecə həyatı

Paytaxtın Binəqədi rayonu 7-ci mikrarayon ərazisi şəhərin nisbətən səsdən-küydən uzaq olan hissəsidir. 7 il əvvəl bu ərazidə mənzil alanda bu, mənim ücün olduqca önəmli idi. Ancaq deyir “sən saydığını say, gör fələk nə sayır”. İndi mən bir çoxları kimi illərdir ki, az qala səhərə qədər uzanan əyləncə və kef məclisləri, məzmunsuz və bayağı musiqilərin fonunda sərxoş kişi və qadınların ucadan gülüş səslərinin diskomfortunu yaşayıram. Binamizin altinda yerləşən “Şəhrizad” Klub həm də Karaoke kimi fəaliyyət göstərir. Gecə klubları, barlar və əyləncə mərkəzləri kimi bu iaşə obyekti də axşam saat 6-dan sonra fəaliyyətə başlayır və.. səhərədək davam edir.
Adından göründüyü kimi, Klubun dizayn üslubu da Şərqin böyük incilərindən sayilan “Min bir gecə” nagillarindan götürülüb. Əvvəllər bir sira tanınmış şou-biznes ulduzlarının ara-sira gəldiyi bu məkanın hazırda ulduzları sönsə də, meyxana məclislərinin, gecə partiləri keçirmək arzusunda olan mustərilərinin sayı çoxdur.
Biz insanların vaxtlarının asudə keçirə, istirahət edə biləcəyi məkanlarin əleyhinə deyilik. O halda ki, bu bizim və ailəmizin istirahətinə mane olmasın. Bu tip məkanların yaşayış binalarının altında olmasi səs-küy və narahatlıq yaradır, sakinlərin psixoloji durumuna birbaşa mənfi təsir edir.

Saat 12-den sonra nələr baş verir?
Saat 12-dək olanları gözardı etmiş olsaq, gecə yarısından sonra yatmağa hazırlaşan sakinlər üçün əsl kabus başlayır. Muştərilərin daha cox gur olduğu bu saatlarda klubun içində xanımların dikdaban ayaqqabılarının taqqıltısı, lazımsız mübahisələr edən adamların qışqırıq səsləri, meyxanaçılarin masaüstü ritimləri, yöndəmsiz musiqi sədaları yaxşı halda saat 3-dək davam edir. Bundan sonra müştərilər binanın yola baxan həyətində ayıq sürücü və taksi xidmətlərini gözləyir, bu arada açıq havada gecənin təəssüratlarını daha ucadan muzakirə edir, ucadan gülür ve söyüş söyürlər. Biz hər gün eyni məzmunlu hadisələrin təsirindən psixoloji travma yaşayırıq.
Nəhayət, bu tərbiyəsiz qışqır-bağirtilar da bitir. Amma hələ Kabus bitmir. Daha sonra klubun personalı yöndəmsiz, ağir taxta masaları ora bura dartır, sabaha hazirliq görürlər.İri tutumlu havatəmizləyən və kondisionerlərin mühərriklərinin qulaq batıran səsləri səhərə yaxın kəsilir.
Sağlamlığımız ciddi təhlükə altındadır?
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, normadan yüksək səs alkoqolizm, siqaretçəkmə, keyfiyyətsiz ərzaq məhsulları ilə qidalanma kimi zərərli amillərlə bir sırada dayanır. Mütəxəssislərin rəyinə görə, 65 desibeldən yüksək olan səslər insanlarda infarkt riskini 20% artırır. Səs-küyün çirklənməsi hər gün milyonlarla insana təsir edir. Səbəb olduğu ən çox görülən sağlamlıq problemi Səs-küyə səbəb olan eşitmə itkisidir. Güclü səs-küyə məruz qalma yüksək qan təzyiqi, ürək xəstəliklərinə, yuxu pozğunluğuna və stressə də səbəb ola bilər. Bu sağlamlıq problemləri bütün yaş qruplarını, xüsusən də uşaqları təsir edə bilər
Biz nə istəyirik?
Klubda çalışan, min bir əziyyətlə evinə çörəkpulu aparan ofisantların, aşpazların, qabyuyan ve xadimələrin gəlir mənbələrinin bağlanması bizim düşüncəmizə ziddir. Biz qanunverici orqanlardan məsələ ilə bağlı ciddi tədbirlər görülməsini istəyirik. Bu tip sahibkarların ve onların havadarlarının aşkarlanması ve qanunla cəzalandırılmadını istəyirik.

Əslində necə olmalıdır?
Dünyanin inkişaf etmiş ölkələrinin şəhərsalma qaydalarında binanin qeyri yasayiş sahələrində əyləncə mərkəzləri mövcuddur. Ancaq bu problemin həlli qanuvericiliklə tənzimlənir. Fəaliyyət sahəsinə görə, qonaq sayına görə bu tip obyektləri xususi səs kecirməyən izolasiya materialları ilə təmin edirlər. Muasir dövrdə olan materiallarla hətta evlərdə səsyazma studiyaları belə qurmaq mumkundur.

Gunahkar kimdir?
Bu kabusdan əziyyət çəkən qonşuların çoxu fərdi şəkildə baş verənlərlə bağlı narahatçılıqlarını dəfələrlə klub rəhbərliyinə bildirməsinə baxmayaraq, heç bir nəticə yoxdur. Maraqlı məqamlardan biri də budur ki, qonşuların və şəxsən özümün dəfələrlə 102 qaynar xəttinə etdiyim şikayətlər də cavabsiz qalır.
Bina sakinlərinin dediyinə görə, Klubun sahibi Vuqar adli şəxsin əli bizim səsimizin yetmədiyi yuxarılara qədər çatır. Hesab edirik ki, burada Daxili Işlər orqanları nəzarətedici qurumlarla yanaşı, bəlkə də Vergi orqanları da bir araşdırma aparmalıdır. Bu gün ölkə Prezidentinin apardığı şəffaf siyasətə zərər verən gizli kölgələrin aşkarlanması, sakinlərin yuxusuna haram qatanların və onların himayədarlarının cəzalandırılması lazımdır. Bu eybəcərliklərin, narahatlıqların hərgünkü şahidlərindən biri olaraq məsələnin qısa zamanda həllini tapacağına ümüd edirəm.

P.S Yazı dərc edilməzdən bir neçə saat əvvəl Sahə müvəkkili ilə telefon danışığımız oldu. Məsələnin rəhbərlik tərəfindən nəzarətə götürüldüyünü bildirdi.

Nicat Nəzərli

Bu səhifəyə 316 dəfə baxılıb

Kateqoriyalar