3123-cü məhəllə…

 Məhşur Fransız rejissoru Pyer Morelin “13-cü rayon” filminin qəhrəmanı Leitonun təkbaşına mübarizəsi, açıqcası, məni eyni mövzuda Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, məhəllə 3123 ünvanıda yerləşən Union Park yaşayış kompleksinin 1 saylı binasında baş verənlər haqqında yazmağa sövq edirdi. Əlbəttə, filmdə baş verənlərlə məhəlləmizdə yaşananlar fərqlidir, eyni ola bilməz. Məni daha çox təəccübləndirən 13-cü- rayonun cinayətkarlardan azad edilməsi üçün Leitonun başlatdığı təkbaşına mübarizəsi idi.

 Doşab aldım, bal çıxdımı? 

2007-ci ilin əvvələrində Binəqədi rayonunda tikintisi “Everest- Konstruktion” MMC tərəfindən başlanılan “Union Park” adlı yaşayış kompleksinin satış ofisində müştərilərə təmtəraqlı şəkildə kompleksin və yaşayış binasının ümumi konsepsiyası olaraq reklam açıqcaları və kompleksin maketi təqdim edilirdi. İnsafən, memarların əl işinə söz ola bilməzdi.

 Layihədə binanın həyətində göz oxşayan uşaq əyləncəsi sahəsi, yaşıllıq zonası, yelləncəklər, sürüşkənlər, dekorativ köşklər, oturacaqlar, fəvvarələr və.s. nəzərdə tutulmuşdu. Binanın fasadı, alüminium örtüklü alkapon üzlük materiallardan üzlənməli idi. Binanın ərazisi kamera-müşahidə sistemləri ilə təmin olunmalı idi. Yeraltı zirzəmi parklanma yeri lift ilə təhciz edilməli idi. Kompleks üçün mərkəzi istilik məntəqəsi nəzərdə tutulmuşdur. Siemens markalı qəza enerjitəminatı generatoru kompleksin məişət və texniki tələbatını ödəməli idi. 2 binanın arasında birləşdirici estakada quraşdırılmalı və oradan binaların arasında olan əraziyə enmə imkanı yaradılmalı idi. Həmin ərazidə isə yenə də yaşıllıqlar, fəvvarələr quraşdırılmalı idi. O cümlədən 1 saylı binanın sağ tərəfində hal-hazırda “Everest- Konstruktion” MMC-nin ofisi yerləşən ərazidə abadlaşmalı idi və orada da bina sakinləri üçün müəyyən istirahət infrastrukturu yaradılmalı idi. Bir sözlə, kompleks bir cənnət məkanına çevrilməli idi. Qısacası, hamı doşab alıb bal çıxacağını gözləyirdi.

Bir şerdə olduğu kimi : “Kür qırağının əcəb seyrəngahı var!” 

Müştərilərə təqdim edilən yüksək tərtibatlı satış kataloqunun bir nüsxəsini əldə etdim. Burada da yuxarıda bəhs etdiyim kimi, gözəlliklərlə dolu şəkillər yerləşdirilmiş və təqdimat mətnləri yazılmışdır. Gəlin birlikdə bir neçə müqayisə aparaq.

Binanın tikintisi başa çatandan sonra və bundan uzun illər sonra binanın həyətində bir ədəd belə ağac, kol, gül, uşaqların əyləncəsi üçün yer, qurğular, köşklər, fəvvarələr və.s. görmüşdünüzmü ? 

 Bundan əlavə olaraq, binada video-müşahidə sistemi, enerji təchizatı generatoru, mərkəzləşdirilmiş istilik sistemi və yuxarıda sadalanan digər söz verilənlər, vəd edilənlər illərlə gözə dəymədi. 

 “Union Park” və ya Birlik Parkı-nda “Birlik” necə pozuldu?

Nəzərdə tutulan kompleksin cənub korpusunun əsas tikintisi başa çatdıqdan sonra təsisçilər arasındakı “söz-söhbət, pay bölgüləri uğrunda savaş binanın tamamlanma işlərinə də ciddi təsir göstərməyə başlamışdır. Kompleksin tamamlanan hissələrində, nədənsə göz oxşayan yaşıllıq zonası, söhbətgahlar və s. vəd edilənlər gözə dəymirdi. Təsisçilər vədlər verərək bu işlərin 2 binanın tikintisi tam başa çatdıqdan sonra görüləcəyini bildirirdilər.

Əfsuslar olsun ki, vədlərin əksəriyyəti vəd olaraq qaldı.

 Sakinləri kim aldadıb? Təsisçilər?..

Yuxarıda sadalanan verilmiş vədlər və çatışmazlıqlarla bağlı sakinlərin təsisçilərə ünvanladığı çağırışlardan, müraciətlərdən təəssüf ki, uzun illərdir heç bir nəticə yoxdur. Əlacsız qalan sakinlərə azacıq da olsa rahatlıq yaratmaq üçün sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında 14 yanvar 2021-ci ildə təsis edilmiş “Binəqədi-23” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyəti illərlə ödənilməyən borcların bir hissəsini yığaraq müəyyən işlər görmüşdür. Bu işlər görülərkən təsisçilərə görüləcək işlərdə iştirak etmək, vədlərin yerinə yetirilməsi təklif olunsa da, rədd cavabı alınmışdır.

 Təsisçilərin bu cür münasibətlərinin səbəblərini araşdırmaq üçün müəyyən işlər görülmüşdür. Araşdırma nəticəsində məlum olmuşdur ki, tikinti başa çatdıqdan sonra öz iştirakçı pay hissələrini satan təsisçilərin çoxu tamalanmamış işlər üçün nəzərdə tutulan vəsaiti saxlayıblar. Bəs bu vəsaitlər hara xərclənilib? Bu məsələ ilə bağlı araşdırmalarımız hələ ki davam edir.

 Sən saydığını say, gör fələk nə sayır, yaxud şişirdilmiş kvadratların pulunu kim mənimsəyib?

Bütün bu olanları gözardı etsək belə, baş verənlər sakinlərin aldadılması faktılarını bir daha təsdiqləyir. Belə ki, “Everest Konstruktion MMC” tərəfindən sakinlərə satılan mənzillərin sahəsinin ilkin müqavilədə göstərildiyi kimi deyil, daha az olduğu faktı ortaya çıxıb. Sakinlər mülkiyyət hüququnu təsdiq edən Çıxarışların əldə edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdikdən sonra Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən aldıqları Çıxarışlarda mənzillərin sahələrinin xeyli miqdarda az olması ortaya çıxmışdır. Misal üçün, alqı-satqı müqaviləsində sahəsi 166 m2 göstərilən mənzilin sahəsi Çıxarışda 144.2 m2 göstərilmişdir. Beləliklə, təkcə 1 Müqavilə üzrə mülkiyyətçi 21.8 m2 sahəyə görə 18500 azn məbləğində aldatma nəticəsində artıq ödəmə etmişdir. Bu rəqəmlər mənzillərin ölçüsünə görə 5000 azn dən 18500 azn dək dəyişir. 

Hər mənzil üzrə sakinlərin əldə etdikləri mənzillərin Çıxarışında göstərilən sahələri müqavilədə göstərilən sahələrdən ortalama 15% az olmuşdur. Beləliklə, binanın mənzillərinin ümumi sahəsinin 37000 m2 olmasını əsas götürərək ümumi aldatma ilə satılmış mənzillərin sahəsi bina üzrə təxminən 56000 m2 olmuşdur. Mənzillərin həmin dövrdə və sonrakı mərhələlərdə satış qiymətlərinin təxminən 700-1100 azn olmasını əsas götürsək ortalama qiymət 850 azn olmuşdur. Bu isə 5600 m2 sahə üzrə 4760000.0 azn təşkil edir. Bu məbləğ sakinlərin aldadılması nəticəsində ayrı-ayrı təsisçilər tərəfindən mənimsənilmişdir.

  Özünüidarəetmə sistemi-Binəqədi 23 MMMC

Keçmiş illərin ənənələrinə və yalnış praktikasına uyğun olaraq, tikinti işləri tam başa çatmamış və dövlət komissiyası tərəfindən qəbul edilməmiş mülkiyyətçilər təmir işləri aparmış və sonrakı dövürdə yaşamağa başlamışlar. Mövcüd durumda binanın idarəçiliyi “ Everest Konstruktion” MMC-i tərəfindən həyata keçirilmişdir. Bu dövürdə şifahi razılaşmaya əsasən, sahə mülkiyyətçilərinin əksəriyyəti ümümi əmlakın saxlanılmasına və göstərilən xidmətlərə görə çəkilən xərclərdə iştirak etmiş, və ödənişləri vaxtı-vaxtında həyata keçirmişlər. Lakin, bir qrup mülkiyyətçilər müxtəlif səbəblər və bəhanələr gətirərək, ümümi əmlakın saxlanılmasına və göstərilən xidmətlərə görə çəkilən xərclərdə iştirak etməkdən tamamilə, və yaxud qismən yayınmışlar. 2019-cu ilin iyun-avqust aylarında bir qrup sahə mülkiyyətçiləri “ Everest Konstruktion” MMC –nın idarəçiliyinə etirazlarını bildirərək “Rahat Yaşam” şirkətini dəvət edərək, binanın onlar tərəfindən idarə edilməsini xahiş etmişdilər. Buna etiraz etməyən “ Everest Konstruktion” MMC -i müvafiq qaydada təhvil-təslim işlərini həyata keçirmədən idarəçiliyi “Rahat Yaşam” şirkətinə vermişdi. “Rahat Yaşam” şirkəti, öz növbəsində, sahə mülkiyyətçiləri imzalarını toplamış əldə olunmuş razılaşmaya əsasən, müvafiq müqavilələr bağlayaraq 2019-cu ilin sentyabr ayından fəaliyyətə başlamışdır. İlk günlərdən binanın idarəçiliyi hüquqi müstəviyə keçirilmiş, binada mövcud olan xaosa, özbaşınalığa, hərci-mərcliyə son qoyulmuşdur. Sakinlərin əksəriyyətinin birliyi təmin edilmişdir.  

  İdarə Heyətinin sədri Vasif Əliyev qısa müddətdə görülən işlər haqqında məlumat verərək bildirdi ki, binaın hazırkı durumu normal olsa da, idarəçiliyə götürüldüyü ilk gündən çatışmazlıqlarla bağlı araşdırmalar aparılmış və “ Everest Konstruktion” MMC-ə bununla bağlı məlumat verilmişdir. İlk növbədə qanunla nəzərdə tutulmuş qaydada binaya aid sənədlərin və binanın təhvil verilməsi mövcud nöqsanların aradan qaldırılması və sakinlərə vəd edilmiş məsələlərin həlli tələb edilmişdir. Lakin, bu məsələlərin heç biri həll edilməmişdir. Bu durumda “Binəqədi-23” MMMC-nin idarə heyəti, ağsaqqallar şurası, əsas gücü binada illərlə qalan borcların yığılmasına, həyat üçün əhəmiyyətli olan enerji, su təchizatının davamlılığını, liftlərin təhlükəsiz istismarının təmin edilməsinə yönəldmişdir. 

Yığılan borclar hesabına binanın həyətində, blokların girişlərində müəyyən abadlaşma və cari təmir işləri aparılmışdır. Liftlərə təhlükəsiz istifadəsi üçün, davamlı su təchizatını təmin etmək üçün keyfiyyətli servis xidmətləri təşkil edilmişdir. Lakin hələ də “ Everest Konstruktion” MMC tərəfindən görüləcək işlər tamamlanmadığına, vəd edilmiş məsələlər həll edilmədiyindən binanın idarəçiliyində və insanlar üçün lazımı yaşam şəraiti yaradılmadığından fəaliyyətimizdə müəyyən çətinliklər vardır. 

 Vasif Əliyev həmçinin Everest MMC-nin binaya aid olan kommunikasiya və texniki sənədlərin indiyə qədər təqdim edilmədiyini xüsusi olaraq qeyd etdi. Eyni zamanda o, bildirdi ki, ayrıc aktının təhvil verilmədiyindən binanın sərhədləri və sahə mülkiyyətçilərinin ümumi əmlakı hesab edilən sahələr, ərazilər müəyyən edilməmişdir. Yuxarıda qeyd etdiyim kimi elə bu səbəbdən də naməlum şəraitdə 1 saylı binanın ayrıc sahəsinə aid olan “Everest Konstruktion” MMC-nin ofisi yerləşdiyi ərazi abadlaşdırılıb sakinlərin istifadəsinə verilmək əvəzinə, naməlum şəxslər tərəfindən saxta sənədlər əsasında özgünləşdirilmişdir. Bu faktların araşdırılması ilə bağlı tədbirlərimiz davam edir. Bütün bu məslələr sakinlərin ciddi narahatlıqlarına və narazılıqlarına səbəb olur.  

    Biri azmış kimi, biri də yandan çıxdı..

Binada son iki ildə sakinlərlə aparılan danışıqlar nəticəsində idarəetmənin şəffaflaşdırılması istiqamətində xeyli irəliləyiş var. Sakinlər artıq binanın saxlanılması xərclərinin ödənilməsində könüllü iştrak etsələr də, bəzi məqamlarda yayınmalar da müşahidə edilir. Binada yerləşən iaşə obyektlərindən “Şəhrizad Çay Evi”nin əvvəlki mülkiyyətçisi Vüqar adlı şəxslə danışıqlar aparılmış, ona gecə saatlarında fəaliyyət göstərməsi nəticəsində sakinlərin istirahət hüququnun pozulması, qanunsuz quraşdırılan soyutma və havalandırma sistemlərinin qaydaya salınması haqqında məlumat verilsə də, Vüqar müəllim çıxış yolunu “sakitcə” obyektini başqasına satmaqla aradan çıxmaqda görüb.

 

Beləliklə, “Şəhrizad Çay Evi” və ona aid digər sahələr yeni mülkiyyətçilərin mülkiyyətinə keçmişdir. Yeni mülkiyyətçilərlə birbaşa əlaqə olmasa da, özünü mülkiyyətçi kimi təqdim edən Elsevər adlı şəxs ortaya çıxmışdır. 

 Obyekt mənimdir, istəsəm toyuq saxlayaram..

“Binəqədi-23” MMMC-nin idarə heyətinin və ağsaqqallar şurasının təşəbbüsü ilə sakinlərin xahişi nəzərə alınmaqla Elsəvər müəllimlə ilə görüş təşkil edilmişdir. Görüş zamanı müvafiq qanunverici aktlara əsasən binanın zirzəmisində, kürsülük, birinci və ikinci mərtəbələrində sahəsi 250 m2 –dan artıq olan oturaq yerlərinin sayı 50-dən artıq olan yeməkxanaların yerləşdirilməsinin yolverilməzliyi Elsevər müəllimin nəzərinə çatdırılmış, əvvəlki mülkiyyətçi ilə yaranmış problemlər və bu obyektin istismarında olan çatışmazlıqlar, qanun pozuntuları ona bildirilmişdir. 

   Görüşdə iştrak edən sakinlər klubdan gələn musiqi səslərinin, mətbəxdə bişirilən yeməklərin pis qoxusunun evlərinə yayılmasından, Klubun həyətə açılan pəncərələrindən müştərilərin nalayiq söyüşlər söyməsindən, havalandırma və mexaniki mühərriklərin səsli işləməsindən narazılıqlarını ifadə ediblər. Qəribə də olsa Elsəvər müəllim özü və yaxınlarının dövlətçilik üçün gördüyü işlərə görə aldığı medalları, təşəkkürləri də sadalamağı yaddan çıxarmır. Ancaq mülkiyyətin ona və yaxınlarına aid olduğunu, birgə yaşayış normalarına sığmasa belə, özünün “mülkiyyət hüququndan” yararlanmaq iddiasını bu şəkildə dilə gətirir. “Obyekt mənimdir, İstəsəm toyuq da saxlaram”. Yəni burda mənəm, Bağdadda kor xəlifə!

“Toyuq saxlaram” təfəkküründən uzağa getməyən məmurun yaxın qohumuna dolanışıq məqsədi ilə obyekt alması və sakinlərin hüquqlarının pozulması hesabına gəlir əldə etməsi anlaşılandırmı? 

Burada Cənab Prezidentimizin məhşur kəlamını xatırlamamaq olmur: "Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır.”

Görüşdən sonra Şəhrizad Klubun fəaliyyətinə etiraz olaraq hazırlanmış bildiriş-xəbərdarlıq mətni mülkiyyətçinin ünvanına göndərilmişdir. Bu gün əldə etdiyimiz məlumata görə sadalanan nöqsanlarla bağlı heç bir tədbir görülməmişdir.

 Əslində necə olmalıdır? 

Məsələnin Hüquqi tərəfi necədir?

Baş verənlərlə bağlı “Binəqədi-23” MMMC-nin idarə heyətinin üzvü, binanın Ağsaqqallar Şurasının sədri, hüquqşünas Natiq Babayevin münasibət bildirməsini xahiş etdik.

 N.Babayev bu yazıda qeyd edilən faktlardan və problemlərdən xəbərdar olduğunu bildirdi. Eyni zamanda o, qeyd etdi ki, burada göstərilən faktlar, problemlər və çatışmazlıqlar tam olmasa da, əsas məqamlar qeyd olunub. Uzun-uzadı yazıb oxuyucuları yormaq istəmirəm. Faktlar faktlığında qalır, nə vaxt, kim və yaxud kimlər tərəfindən olursa olsun, binada mülkiyyəti olan sakinlərimizin qanunla qorunan hüquqları ciddi sürətdə pozulmuşdur. Bu məsələlərin bir neçə tərəfi vardır. Belə ki, mülkiyyətçilərimiz əsaslı şəkildə müxtəlif reklam materiallarından, marketinq üsullarından istifadə etməklə səriştəli menecerlər, cəm halda isə hüquqi şəxs olan “Everest Konstruktion” MMC tərəfindən aldadılıblar, onlara böyük həcmə maddi ziyan vurulmuşdur. Bunlarla yanaşı, Mülki Qanunvericiliyin tələbləri pozularaq onlarla bağlanmış alqı-satqı müqavilələrinin şərtləri kobud sürətdə pozulmuşdur, müqavilədə göstərilən öhdəliklər satıcı tərəfindən tam, və yaxud qismən yerinə yetirilməmişdir. Eyni zamanda, “Everest Konstruktion” MMC Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin, digər normativ-hüquqi aktların tələbləri ciddi sürətdə pozulmuşdur. Belə ki, qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq “Everest Konstruktion” MMC öz fəaliyyətini Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması anından 1 ay müddətindən gec olmayaraq dayandırmalı , binaya aid sənədləri müvafiq qaydada təhvil verməli idi. Lakin bu günə qədər bu məsələ həll edilməyib. Yazılı, şifahi müraciətlərə baxmayaraq sənədlər və bina müvafiq qaydada təhvil verilmir. 

Ən vacib məsələlərdən biri sakinlərimizin təhlükəsizliyinin təminatı ilə bağlıdır. Binada “Binəqədi-23” MMMC fəaliyyətə başladığı ilk günlərdən binamızın hündür mərtəbəli, çoxmənzilli olmasını nəzərə alaraq həyat əhəmiyyətli sahələrin, avadanlıq və qurğuların davamlı elektrik enerjisi ilə təmin olunması işinə çox ciddi yanaşmağın vacibliyini prioritet məsələlər sırasında olub. Əfsuslar olsun ki, “Everest Konstruktion” MMC, təsisçilərin bəziləri ilə apardığımız danışıqla zamanı onlar bildirirdilər ki, bina generatorla təmin edilib. Sonradan bizə məlum oldu ki, bu tam yalan imiş. Belə ki, araşdırmalar zamanı müəyyən olundu ki, 2 binanın arasında quraşdırılmış generatorun “Everest Konstruktion” MMC-ə heç bir adiyatı yoxdur və binada fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin şəxsi əmlakıdır. Eyni zamanda, bizdə olan məlumata görə Mingəçevir su elektrik stansiyasında 03.07.2018-ci ildə baş vermiş yanğından sonra hündür mərtəbəli yaşayış və ictimai binaların elektrik generatorları ilə təchiz edilməsi vəzifəsi binaları inşa edən şirkətlərin üzərinə qoyulmuşdur, bununla əlaqədar ölkə prezidentinin müvafiq göstərişləri olmuşdur. Lakin əfsuslar olsun ki, bina dövlət komissiyası tərəfindən 08.11.2019-cu il tarixində qəbul edilərkən və istismarına icazə verilərkən “Everest Konstruktion” MMC qeyd edilən generatoru binaya məxsus olduğu kimi göstərmiş və qəbul aktının imzalanmasına nail olmuşdur. Məsələnin ciddiliyi onunla bağlıdır ki, enerji sistemində baş vermiş ciddi qəzalar zamanı binanın su təchizatı tamamilə dayanır, yuxarı mərtəbələrdə yaşayan insanların, əsasən də xəstə, yaşlı kateqoriyadan olan insanların enib qalxmasında, təxliyə edilməsində ciddi problemlər yaranır. Bu cür hallar isə ciddi fəsadlara gətirib çıxara bilər. 

Bütün məsələlərin həlli heç də idarə heyətinin ayrı-ayrı fərdlərin tək-tək öhdəsindən gəlinəsi məsələlər deyil. Bunun üçün bütün mülkiyyətçilərimiz səfərbər olunmalı, hamı bir nəfər kimi bu problemlərin həllində iştirak etməlidirlər. Bu iş çox ağır proseslərdən keçir. Burada məhkəmə iddialarının qaldırılmasından başlayaraq, müxtəlif dövlət instansiyalarına yazılacaq ərizələrlə və digər tədbirlərlə davam edəcəkdir. Bunun üçün hamı idarə heyətinin ətrafında birləşməlidir, şəxsi maraqlar, münasibətlər kənara qoyulmalıdır. Yalnız belə olduqda nəyəsə nail olmaq olar. 

 Son söz..

Yazıda sakinlərin hüquqlarının pozulması ilə bağlı məsələləri işiqlandırmaqla eyni zamanda Cənab Prezidentin İctimai Nəzarətin gücləndirilməsi məqsədilə çağrışına qoşulur, vətəndaş mövqeyini ortaya qoymağa çalışırıq. 

 

Nicat Nəzərlı.

 

 

 

 

 

 

 

 

Bu səhifəyə 424 dəfə baxılıb

Kateqoriyalar